Hüquqi müstəvidə mülki iddia ədalət mühakiməsinin bərqərar olunması prosesinin nümunəsi kimi çıxış edir
Bakı, 12 aprel, AZƏRTAC
Pozulmuş mülki hüquqların mülki mühakimə icraatında bərpa edilməsi öz aktuallığını saxlamaqla yanaşı, cinayət, cinayət-prosessual və cəza-icra hüquq sahəsində əhəmiyyətli rola malikdir. Cinayət prosesində mülki iddia özlüyündə cinayət qanunvericiliyi ilə mülki qanunvericiliyin əlaqəli şəkildə tətbiqini nəzərdə tutmaqla, cinayət prosesində mülki iddianın verilməsi və müdafiə edilməsi ilə qanunvericiliyin müxtəlif sahələrinin bir-biri ilə sıx əlaqəli olmasını göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin “Cinayət prosesində mülki iddia” dərs vəsaitində yer alıb.
Kitabda cinayət mühakimə icraatında mülki iddianın anlayışı və hüquqi təbiəti, cinayət prosesində mülki iddianın tərəflərinin - mülki iddiaçı və mülki cavabdehin, eləcə də digər subyektlərin cinayət-prosessual hüquqi statusu, ibtidai araşdırma zamanı və məhkəmə icraatında mülki iddianın verilməsinin və həll edilməsinin xüsusiyyətləri kimi məsələlər izah edilib.
Nəşrin elmi redaktoru, Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının müdiri hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova “Ön söz”də yazır: “Nəzəri mənbələrdə mülki iddianın cinayət mühakimə icraatı daxilində həll edilməsinin məqsədəuyğunluğu müzakirə predmeti olaraq qalsa da, həm qüvvədə olan qanunvericiliyə, həm də özünü doğrultmuş təcrübəyə görə cinayət mühakimə icraatında mülki iddia institutu cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi mexanizmini təmin edən və kifayət qədər səmərəli bir hüquq institutu kimi çıxış edir. Doğrudur, ilk baxışdan belə görünə bilər ki, mülki mühakimə icraatının zərərin ödənilməsi ilə əlaqədar olan qayda və prinsiplərini mexaniki olaraq cinayət prosesinə tətbiq etmək olmaz, çünki bu hüquq sahələrinin hər biri predmetinə və hüquqi tənzimetmə metoduna görə digərindən fərqlənir və müstəqil sahəvi qayda və prinsiplərə malikdir. Lakin bu zaman iki hüquq sahəsinin normalarının tətbiqi üzrə fəaliyyətin bir icraatda birləşdirilməsinin məqsədəuyğun olan aspektlərini də diqqətə almaq lazımdır. Çünki cinayət prosesində mülki iddianın həlli ədalət mühakiməsinin həyata keçirilməsi üçün zaman müddətinin azaldılmasına, prosessual vasitələrin qənaətinə xidmət edir, eləcə də cinayət prosesində mülki iddia institutu zərərçəkmiş şəxsin (mülki iddiaçının) hüquqlarının əlavə təminatı kimi çıxış edir”.
“Ön söz”dən, həmçinin aydın olur ki, ölkəmizdə bu günə kimi cinayət mühakimə icraatında mülki iddianın əsas nəzəri məsələləri professor Mirağa Cəfərquliyevin “Azərbaycan Respublikasının cinayət prosesi” (2008), professor Firuzə Abbasovanın “Cinayət prosesi” (2021) və Azərbaycan Respublikası DİN Polis Akademiyasının müəlliflər kollektivinin (A.Dadaşov, E.Salayev, S.Ağayev) “Cinayət prosesi fənnindən mühazirələr toplusu” dərsliklərində izah edilib. Qüvvədə olan cinayət-prosessual qanunvericiliyin mülki iddiaya dair normaları isə professor Cəfər Mövsümov və digərlərinin (B.Kərimov, Ə.Hüseynov) redaktəsi ilə hazırlanmış Cinayət-Prosessual Məcəlləsinin kommentariyasında (2016) doktrinal təfsir olunub. Bundan başqa, ötən dövr ərzində cinayət prosesində mülki iddia məsələsinə bəzi müəlliflər müxtəlif elmi məqalələr həsr ediblər. Lakin müasir dövrdə cinayət-mühakimə icraatında mülki iddia ilə bağlı müstəqil bir kitab ərsəyə gəlməyib. Müstəqillik illərində yeni cinayət-prosessual qanunvericiliyin qəbulundan sonra cinayət prosesində mülki iddia ilə bağlı məsələyə dair monoqrafik tədqiqat aparılmaması bu mövzu ilə bağlı nəzəri biliklərə olan ehtiyacı daha da artırıb. Bu baxımdan Əməkdar hüquqşünas Xanlar Vəliyevin “Cinayət prosesində mülki iddia” dərs vəsaiti kifayət qədər ehtiyac duyulan nəşrdir.
Dərs vəsaiti “Cinayət mühakimə icraatında mülki iddianın anlayışı və hüquqi təbiəti”, “Cinayət prosesində mülki iddianın tərəfləri və digər subyektlər”, “İbtidai araşdırma zamanı mülki iddianın xüsusiyyətləri” və “Cinayət prosesində məhkəmə icraatında mülki iddianın xüsusiyyətləri” adlı dörd fəsildən ibarətdir.
Cinayət mühakimə icraatında mülki iddia Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (CPM) müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, lakin bununla yanaşı, CPM-in 179.2-ci maddəsi imkan verir ki, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda cinayət mühakimə icraatının gedişatında mülki-prosessual qanunvericiliyin də normaları tətbiq edilsin. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Göründüyü kimi, cinayət prosesində mülki iddiaya dair tədqiqatlar qaçılmaz olaraq sahələrarası və komplek xarakterli olmalıdır. Bu da “Cinayət prosesində mülki iddia” dərs vəsaitinin nəzəri və təcrübi əhəmiyyətli olmasının daha bir arqumentidir.
Konkret nümunələr əsasında müəllif diqqətə çatdırır ki, həm daxili qanunvericiliklə, həm də beynəlxalq konvensiyalarda hər kəsin hüquq və vəzifələrə malik olması ilə yanaşı, malik olduqları hüquqların məhkəmə vasitəsilə mühafizəsinə təminat verilir.
“Hüquqi müstəvidə mülki iddia ədalət mühakiməsinin bərqərar edilməsi prosesinin nümunəsi kimi çıxış edir”,- yazan Xanlar Vəliyev kitabda hüquq nəzəriyyəsində mülki iddia və onun hüquqi təminatı ilə bağlı müxtəlif fikirlərə, o cümlədən hüquqşünas alimlər Dmitri İvanovun, Aleksey Gerasimenkonun mülahizələrinə, habelə ayrı-ayrı ölkələrin təcrübəsinə diqqət çəkir. Müəllif, həmçinin bildirir: “Dünyanın əksər dövlətlərində olduğu kimi, bizim cinayət-prosessual qanunvericiliyimizdə də mülki iddianın verilməsinin hüquqi əsasları təsbit edilmişdir. Belə ki, mülki iddia ilə bağlı məsələ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin XIX fəslində öz əksini tapmışdır. CPM-in 181-ci maddəsində göstərilmişdir ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Bu anlayışdan görünür ki, əmlakına ziyan dəymiş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı cinayət işi ilə birgə baxılması üçün mülki iddia verə bilər”.
Hüquqşünas alimin gəldiyi qənaətə görə, mülki iddianın cinayət işləri ilə birgə baxılması cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin pozulmuş əmlak və şəxsi qeyri-əmlak xarakterli hüququnun tez bir zamanda bərpasına, sübutların toplanmasının asanlaşdırılmasına, toplanmış sübutların qiymətləndirilməsinin tam və hərtərəfli həyata keçirilməsinə şərait yaradaraq, məhkəmələrin iş yükünün artmasının, eyni bir iş üzrə müxtəlif səpkili qərarların qəbul edilməsinin qarşısını almaqla cinayət prosesi tərəflərinin hüquqlarının həyata keçirilməsini daha da asanlaşdırmaqla, üzərilərinə düşən yükləri azaldır.
Kitabda nəzəri məsələlərin təcrübə materiallarına istinad edilməklə izah olunması verilən şərhlərin praktiki əhəmiyyətini daha da artırıb. Bundan başqa, əsərin məzmununda Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun aidiyyəti qərarlarına zəruri istinadlar edilib.
Nəşrə Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Midhəd Qəfərov, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Elmi-tədqiqat və doktorantura şöbəsinin baş elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov rəy yazıblar.
Səlis dildə və elmi üslubda yazılmış dərs vəsaitindən hüquq fakültəsinin müəllim və tələbə heyəti ilə yanaşı, məhkəmə, hüquq-mühafizə orqanları əməkdaşları, o cümlədən vəkillər geniş istifadə edə bilərlər.