Hyüstonda Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). ABŞ-ın Hyüston şəhərində Azərbaycanlıların Amerika Mədəni Alyansı (AAMA) tərəfindən Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir təşkil olunmuşdur.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Texas ştatının Nümayəndələr Palatasının üzvü Cin Vu, Türkiyənin vitse-konsulu Kenan Ağa, ABŞ-dakı səfirliyimizin müşaviri Məmməd Talıbov və Hyüstonda yaşayan Azərbaycan və türk icmalarının təmsilçiləri iştirak etmişlər.
AAMA-nın prezidenti İsmayıl Əhmədov tədbiri açaraq iştirakçılara Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsinə dair ətraflı məlumat vermiş, Alyansın fəaliyyətindən, o cümlədən Azərbaycan dili dərslərinin təşkilindən danışmışdır.
Cin Vu çıxışında Xocalı qətliamı barədə öyrəndikdə kədərləndiyini və belə faciələrin yenidən təkrarlanmasına yol verilməməsi üçün onları xatırlamağın vacib olduğunu demişdir.
O, Texas ştatının Nümayəndələr Palatasının Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməsini səfirliyin nümayəndəsinə təqdim etmişdir. Qətnamədə bu faciənin bir çox insan hüquqları təşkilatları tərəfindən pislənildiyi, habelə bir sıra xarici dövlətin və ABŞ-ın digər ştatlarının bu faciəyə müvafiq qiymət verdikləri qeyd olunmuş, bu xüsusda 2011-ci ildə Texas Nümayəndələr Palatasının 535 nömrəli qətnaməsi vurğulanmışdır.
M.Talıbov C.Vuya Azərbaycan tarixinin bu ağrılı səhifəsinə diqqət yetirdikləri üçün təşəkkürünü bildirmişdir. O, son illər ərzində bir sıra dövlət və ABŞ-ın bəzi ştatları tərəfindən Xocalı qətliamının tanınmasının ədalətin bərqərar olacağına və Xocalı vəhşiliklərini törədənlərin məsuliyyətə cəlb olunmasına ümid etməyə əsas verdiyini vurğulamışdır.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və fəal üzvlərindən olan Yusif Babanlı çıxışında C.Vuya ABŞ-dakı Azərbaycan icması adından təşəkkür etmiş, Xocalı soyqırımının dünyada, o cümlədən ABŞ-da tanınmasının vacibliyini vurğulamışdır.
Digər çıxışlarda da Xocalı soyqırımının dəhşətlərindən danışılmış, beynəlxalq ictimaiyyətin bu qanlı cinayətə müvafiq qiymət verməsinin zəruriliyi qeyd olunmuşdur.