İQTİSADİYYAT
İbrahim Kərbalayev: “Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
“Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə “Azəriqaz” tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək. Eyni zamanda, birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq”, - deyə İ.Kərbalayev bildirib.
O deyib ki, “Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.