ICESCO-nun departament direktoru: Azərbaycanla yüksəksəviyyəli əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycana gəlmək mənim üçün böyük sevinc və qürur mənbəyidir. Səfərimizin məqsədi ICESCO ilə Azərbaycan arasındakı yüksək səviyyəli əməkdaşlığı daha da gücləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ICESCO-nun Baş Qərargahında Sosial və İnsan elmləri üzrə Departamentinin direktoru Ramata Almami Mbaye söyləyib.
O, ICESCO-nun qadınların özünü inkişaf etdirməsi və irəliləməsi, onların cəmiyyətdə yeri kimi sahələrdə tam dəstəyini vurğulayıb.
“Azərbaycana səfərimiz ICESCO-nun Qoşulmama Hərəkatına üzvlüyü çərçivəsində baş tutub. Biz burada öz təcrübəmizi bölüşməklə yanaşı, qadınların, gənc qızların və yeniyetmələrin talelərini gündəliyimizdə ön plana keçirməyə çalışırıq. Müzakirələrimizdə prioritet məsələ isə çətin vəziyyətdə olan uşaqlarla bağlı olacaq. Bir çox ölkədə gənc qızlar, yeniyetmələr hələ də çox çətin vəziyyətdədir. Biz ərzaq, iqlim böhranı kimi məsələlərlə bağlı fikir mübadiləsi aparmalı, Azərbaycan xalqına tam dəstəyimizi bildirməliyik”, - deyə Ramata Almami Mbaye bildirib.