“Idai” tropik qasırğasının Afrikanın cənub-şərqində 1000 insanın ölümünə səbəb olduğu ehtimal edilir
Bakı, 19 mart, AZƏRTAC
“Idai” tropik qasırğasının Afrikanın cənub-şərqində 1000 insanın ölümünə səbəb olduğu ehtimal edilir.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, bu ehtimalı Mozambik Prezidenti Filipe Nyusi bildirib. Zimbabvedə isə itkin düşmüş 200 insandan hələ də xəbər yoxdur. Martın 17-dən Mozambikin Beira şəhərində başlayan qasırğa daha sonra qonşu Zimbabveyə keçib. Tropik qasırğanın şiddətli külək, yağış və daşqınlarla müşayiət olunduğu bildirilir.
Mozambik Prezidenti Filipe Nyusi televiziya ilə xalqa müraciətində bildirib ki, bugünədək 84 nəfərin meyiti tapılsa da, əldə olunan məlumatlar ölüm hallarının 1000-ə yaxın olacağını göstərir. O, ölkəsinin çox böyük humanitar fəlakətlə qarşı-qarşıya olduğunu əlavə edib. Bölgənin havadan çəkilən fotoşəkillərində sel sularının binaların damına qədər qalxması səbəbindən bir çox insanın təxliyə olunmağı gözlədiyini göstərir. Beynəlxalq Qızıl Xaç və Qızıl Ay federasiyaları Beira şəhərində vəziyyətin çox ağır və dəhşətli olduğunu bildiriblər. Onların birgə bəyanatında qeyd olunur ki, 530 min sakini olan bu şəhər və onun ətraf rayonlarının 90 faizi qasırğanın dağıdıcı təsirinə məruz qalıblar.
Mozambikin qonşusu Zimbabvedə isə rəsmi rəqəmlərə görə, 98 nəfər həlak olub, 217 sakin isə itkin düşüb. Bu ölkədə olan AFP informasiya agentliyinin müxbiri bildirib ki, insanların meyitlərini toplu məzarlarda dəfn edirlər. Zimbabvenin kommunikasiya və infrastruktur naziri Coel Matiza deyib ki, ölkə tarixinin ən böyük fəlakətini yaşayır.