İQTİSADİYYAT
İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi bütün region dövlətlərinin inkişafına töhfə verəcək – ŞƏRH

Bakı, 26 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri, xüsusilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirakına daha geniş baxmaq lazımdır. Bizim iki qardaş ölkə prezidentləri mütəmadi olaraq görüşürlər. Bunun iqtisadi baxımdan bir çox səbəbləri var. Bu gün dünyada gündəm tez-tez dəyişir, müxtəlif hadisələr baş verir, yeni çağırışlarlar ərsiyə gəlir. Bu çağırışlara cavab olaraq mütəmadi operativ qərarların qəbul olunmasına ehtiyac var. Hesab edirəm ki, iqtisadi baxımdan da bu çağırışlara cavab olaraq iqtisadiyyatın dayanıqlılığının təmin olunması üçün mütəmadi strateji müttəfiqlə birgə fəaliyyətə ehtiyac var.
Bu fikirləri AZƏRTAC-a UNEC-in İqtisadiyyat kafedrasının dosenti Emin Qəribli bildirib.
O qeyd edib ki, bu gün ölkə başçılarının birgə fəaliyyəti çox yüksək səviyyədədir: “Bu gündəlikdə bir neçə məsələlər var. Bunlardan biridə İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsidir. Bu qaz layihəsinin reallaşması həm Naxçıvanın sosial durumunun, həm investisiyaların cəlb ediciliyinin artırılması baxımından çox əhəmiyyətlidir. Bu qaz boru xəttinin çəkilməsi gələcəkdə Zəngəzur xəttinin çəkilməsinə də öz təsiri göstərəcək. Bu isə həm Naxçıvanın, həm Azərbaycanın və Türkiyənin, ümumilikdə regionun inkişafına töhfə verəcək. Yəni ki, beynəlxalq nəqliyyat dəhlizlərinin bir qolunun burada çəkilməyi deməkdir. Hətta bu qaz kəmərinin çəkilməsini Ermənistan iqtisadiyyatına da müsbət təsir kimi dəyərləndirmək olar.
Hesab edirəm ki, Türkiyə və Azərbaycanın dövlət başçılarının birgə fəaliyyəti bizim regional iqtisadi inkişafa və əməkdaşlığa müsbət təsir göstərəcək”.