İQTİSADİYYAT
İKİ KOMMERSİYA BANKININ BİRLƏŞMƏSİ PROSESİ BAŞLANDI
İyulun 19-da keçirilmiş mətbuat konfransında “Mbank” və “Sənayetexbank” səhmdar kommersiya bankları idarə heyətlərinin rəhbərləri onların səhmdarlarının bu bankların birləşdirilməsi prosesinə başlamaq qərarına gəldiklrini elan etmişlər.
“Sənayetexbank”ın idarə heyətinin sədri Faiq Hüseynov jurnalistlərə bildirdi ki, bankların birləşdirilməsindən əsas məqsəd Azərbaycan iqtisadiyyatının real sektorlarına xarici və daxili sərmayələri cəlb etmək üçün daha geniş imkanlara malik rəqabətə davamlı maliyyə qurumu yaratmaqdır. Korporativ və özəl müştərilərə bank xidmətinin universallığı, biznesə kredit yardımı birləşmiş bankın fəaliyyətində üstün yer tutacaqdır.
Mətbuat konfransında bildirildi ki, yeni bankın ümumi nizamnamə kapitalı təxminən 5 milyon dollar olacaqdır. Birləşmənin hüquqi və texniki şərtlərini işləyib hazırlamaq hər iki bankın idarə heyətlərinin üzvlərindən təşkil edilmiş xüsusi komissiyaya tapşırılmışdır. Komissiya 2002-ci ilin sentyabr ayından gec olmayaraq, öz tövsiyələrini səhmdarların birgə ümumi iclasına təqdim etməlidir. Qəti qərar da həmin iclasda qəbul olunacaqdır. Hər iki bank xarici maliyyə təsisatları ilə, o cümlədən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir, bununla da kreditləşdirmə üzrə xüsusi proqramda tərəfdaş banklar kimi iştirak edirlər. Hazırda hər iki bank kiçik və orta biznesin maliyyələşdirmə və ticarətdə irəliləmə proqramına qoşulmaq barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə danışıqlar aparır. AYİB hər iki bankı öz kredit proqramlarına qoşmaqla yanaşı, mövcud səhmdar bankları ilə birgə yeni müəssisəyə 20 faizədək sərmayə qoymaq variantını da nəzərdən keçirir.
Adı hələlik müəyyənləşdirilməmiş yeni bank gələn ilin yanvar ayından tam miqyaslı fəaliyyətə başlayacaqdır. Mətbuat konfransında bildirildi ki, hazırda yeni bankın idarə heyətinin sədri vəzifəsinə “Mbank”ın Müşahidə Şurasının sədri Eldar Qəribovun namizədliyi irəli sürülmüşdür.