İkinci Beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi bölmə iclasları ilə davam edir
Bakı, 9 noyabr, AZƏRTAC
Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilən İkinci Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresi bölmə iclasları ilə davam edir.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirə “Zoom” platforması üzərindən dünyanın 20-dən çox ölkəsindən nümayəndələr qatılıb. Noyabrın 9-da konqresin bölmə iclaslarında 75 məruzənin dinlənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, dünən konqresin rəsmi açılış mərasimindən sonra 18 virtual iclas zalında paralel keçirilən seksiyalarda biologiya, tibb, aqrar, mühəndislik, riyaziyyat, fizika, kimya və digər elmi istiqamətlər üzrə 150-dən çox məruzə dinlənilib. İclaslarda ümumi maraq doğuran məsələlər, elmi problemlərlə bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, konqresin Azərbaycan tərəfindən təşkilatçıları AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universitetidir. Türkiyə tərəfindən təşkilatçı isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.