İKT-NİN BAŞ KATİBİ EKMƏLƏDDİN İHSANOĞLU “ŞEYXÜLİSLAM” ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR
Qafqaz Müsəlmanları İdarəsinin sədri İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin V Konfransının iştirakçılarını səmimi salamlayaraq bildirmişdir ki, İKT ölkələri Azərbaycanın haqq işini daim dəstəkləmiş, ölkəmizin ərazi bütövlüyü məsələsində öz mövqelərini qəti və birmənalı ifadə etmişlər. Şeyxülislam demişdir ki, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu dünyada Azərbaycanın təbliğatçısı kimi tanınır, ölkəmizi dəstəkləmək üçün daim əlindən gələni etmişdir. Məhz onun şəxsi səyləri və böyük nüfuzu sayəsində Azərbaycan İKT-nin üzvü olmuşdur. Bütün bunları, habelə İslam aləmində inkişaf və tərəqqi, müsəlman xalqlarının və dövlətlərinin həmrəyliyi, onların dünya birliyində layiqli və nüfuzlu yer tutması, müqəddəs İslam dəyərlərinin tədqiqi və təbliği sahəsində xidmətlərini nəzərə alaraq, Qazilər Şurasının və Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının qərarı ilə Ekmələddin İhsanoğlu “Şeyxülislam” ordeni ilə təltif edilir.
Ekmələddin İhsanoğlu xidmətlərinin yüksək qiymətləndirilməsinə görə hacı Allahşükür Paşazadəyə təşəkkürünü bildirərək demişdir ki, BMT-də Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələr qəbul edilərkən İKT daim Azərbaycanı dəstəkləmişdir və bundan sonra da hərtərəfli köməyini əsirgəməyəcəkdir.
Sonra Şeyxülislam və İKT-nin baş katibi bir-birinə xatirə hədiyyələri təqdim etmişlər.
Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, xarici ölkələrin səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər.