İKT SAHƏSİNDƏ DİSSERTASİYA MÖVZULARI MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Elmi Şurasının iclası keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, iclasda aspirantların dissertasiya mövzuları müzakirə edilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkəmizdə informasiya cəmiyyətinin formalaşdığı, dövlət strukturlarında idarəçilik işinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyi indiki məqamda “Elektron hökumət”in yaradılmasında yaxından iştirak edən İTİ-nin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırmışdır. O, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yeni layihələrin hazırlanması istiqamətində institutun hər bir əməkdaşının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, bu il ölkəmizdə keçiriləcək respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edəcək şura üzvlərinə təklif və tövsiyələrini bildirmişdir.
İclasda “Log fayllar əsasında internetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənib hazırlanması”, “Şəbəkə mühitində nizamsız informasiya fəzalarının optimal strukturlaşdırılması üçün metod və alqoritmlərin işlənib hazırlanması” və “Veb sistemlərdə informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənib hazırlanması” mövzuları üzrə dissertasiya işləri müzakirəyə çıxarılmışdır.
Aspirantlar Fərhad Yusifov, Məhəmməd Şərifov və Rəşad Fərəcullayev təqdim olunan işlərin aktuallığı, məqsədi, prinsipləri və nəticələri haqqında ətraflı məlumat vermişlər.
Sonda təqdim olunan dissertasiya işləri qənaətbəxş hesab edilmişdir.