İlahiyyat İnstitutunda “Heydər Əliyev və dini dəyərlər” mövzusunda videokonfrans keçirilib
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) müəllim və tələbələrin iştirakı ilə “Heydər Əliyev və dini dəyərlər” mövzusunda videokonfrans keçirib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, videokonfransda institutun rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində atdığı uzaqgörən addımlardan bəhs edib. O diqqətə çatdırıb ki, ölkəmizdə müstəqillik illərində tolerantlıq ənənələrinin qorunub saxlanılması və inkişafı, o cümlədən yeni dini ibadətgahların inşası, mövcud olanların əsaslı təmiri və bərpası istiqamətində çoxsaylı işlər görülüb. Sovet dövründə tamamilə dağıdılan Bibiheybət məscidi 1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən yenidən bərpa etdirilib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dəyərlərin qorunması istiqamətində qətiyyətli addımlar atılıb, radikal dini cərəyanların geniş vüsət almasının qarşısı alınıb.
Aqil Şirinov vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural dəyərlərin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə daha da möhkəmləndiyini deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər bu gün uğurla davam etdirilir. Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzinə çevrilib.
Daha sonra tələbələr milli-mənəvi dəyərlərin təbliği haqqında fikirlərini səsləndiriblər.