İLHAM ƏLİYEVİN PREZİDENT SEÇİLMƏSİ CİDDİ İQTİSADİ DƏYİŞİKLİKLƏRƏ TƏKAN VERƏCƏKDİR
Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, “LUKoyl-Oversiz” neft şirkətinin xarici-iqtisadi fəaliyyət üzrə vitse-prezidenti, “İSR-Holdinq” şirkətinin prezidenti İsgəndər Xəlilov AZƏRTAC-ın Moskvadakı müxbiri ilə söhbətində demişdir ki, “İlham Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının yeni Prezidenti seçilməsi Rusiyanın işgüzar dairələri tərəfindən razılıqla qarşılanmışdır”. Rusiya iqtisadi elitasının böyük əksəriyyətinin fikrincə, İlham Əliyevin Prezident seçilməsi yeni təşəbbüslərə təkan verəcək, gələcəkdə ölkədə ciddi iqtisadi dəyişikliklərə səbəb olacaqdır. İ.Xəlilov bildirmişdir ki, Rusiya işgüzar dairələrinin İlham Əliyevin qələbəsini belə qarşılaması, ilk növbədə, onun dünya iqtisadi siyasətinin incəliklərini bilməsi, dünya iqtisadi proseslərində bilavasitə iştirakı ilə bağlıdır. İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsindəki fəaliyyətini və “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsini xatırlamaq kifayətdir. O, həmin vəzifədə milli mənafeləri qeyrətlə qoruyaraq, uğurlu nəticələrə nail olmuşdur. Uzun illər Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri də bunu təsdiq edə bilərlər. İlham Əliyevin siyasi karyerasını diqqətlə izləyən Rusiya iş adamları artıq iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla bəzi əməkdaşlıq planları qururlar.
İ.Xəlilov demişdir: “Mən əminəm ki, İlham Əliyevin hakimiyyətə gəlməsi ilə yaxşılığa doğru çox şey dəyişəcək, ölkəyə sərmayə axınının həcmi xeyli artacaq, Prezident Heydər Əliyevin başladığı iqtisadi islahatlar davam etdiriləcək və deməli, xalqın rifahı ildən-ilə yaxşılaşacaqdır”.