İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında oftalmoloji aksiya keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tibbi müayinə keçirib.
Aksiya barədə AZƏRTAC-a məlumat verən Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, universitetin 236 tələbə və müəllimi müayinədə iştirak edib: “Keçirilən bu aksiyaların əsas məqsədi müayinə çərçivəsində olduğumuz qurumun əməkdaşlarının oftalmoloji səhhətləri ilə bağlı sualların cavablandırmaq, problemlərin həll olunmasına kömək göstərməkdir. Bundan əlavə, müayinələr əsnasında göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılır. Əldə olunan nəticələr müzakirə olunaraq mümkün qədər yerindəcə həll edilir. Ehtiyac duyulduğu təqdirdə göz problemləri olanların əməliyyatları da mərkəzimiz tərəfindən təmənnasız təşkil edilir”.
Oftalmologiya Mərkəzinin silsilə şəkildə keçirdiyi bu aksiyalar bir çox qurumların əməkdaşlarının vaxt itirmədən tibbi yardımdan faydalanmasına xidmət edir.
Qeyd edək ki, ən yeni oftalmoloji texnologiyalarla təchiz edilmiş mərkəzin Səyyar Klinikası hər bir şəraitdə işləyə bilir. 2005-ci ildən fəaliyyət göstərən Səyyar Klinika respublikanın bir çox rayon və şəhərlərində dəfələrlə belə tədbirlər keçirib. Bu günə qədər Səyyar Klinikada minlərlə xəstə müayinə olunub, cərrahi əməliyyat aparılıb.