İnam Kərimov: Media məsuliyyətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır
Bakı, 25 may, AZƏRTAC
Bu gün ölkəmizdə həm qanunvericilik, həm də məhkəmə praktikası ilə media azadlığı təmin olunur. 2001-ci ildə ölkəmiz “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulub və həmin vaxtdan Konvensiya ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Bununla da Avropa Məhkəməsinin presedent hüququ yerli məhkəmələr tərəfindən Konvensiyanın tərkib hissəsi kimi qəbul edilərək təcrübədə geniş tətbiq edilir. Bu da nəticə etibarı ilə media azadlığının ölkəmizin məhkəmələri tərəfindən Avropa Məhkəməsi standartlarına uyğun təmini deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida dialoq platforması” çərçivəsində media qurumlarının rəhbərləri ilə keçirilən görüşdə deyib.
Ali Məhkəmənin sədri İnam Kərimov bildirib ki, azadlıqla məsuliyyət vəhdət təşkil edir. Yəni, azadlıqla məsuliyyət bir-birindən ayrılmaz anlayışlardır. Odur ki, daha çox azadlıq, həm də daha çox məsuliyyət deməkdir. Media orqanlarının obyektivlik, dürüstlük, şəffaflıq, şəxsi həyata hörmət kimi dəyərləri özündə ehtiva edən qanunla müəyyən edilmiş vəzifələri var. Məhkəmənin də rolu bütün tərəflərin hüquq və vəzifələrini balanslı şəkildə qiymətləndirməkdən ibarətdir. Məhkəmə hakimiyyəti olaraq bizim də media orqanlarından əsas gözləntimiz məsuliyyətli olmalarıdır. Ona görə ki, media həm də məsuliyyətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Hazırda dünyada kommunikasiya vasitələrinin transformasiyası baş verir. Sosial media və rəqəmsal platformalar öz əhatə dairələrini genişləndirir. Bu da ölkə daxilində media qurumlarının işinin daha səmərəli təşkilini şərtləndirir.
“Günümüzdə, xüsusilə saxta xəbərlərin (“fake news”) gündən-günə çoxaldığı bir vaxtda, hər nə qədər sosial media populyar olsa da, xəbərin dolğunluğu və dəqiqliyinə görə peşəkar jurnalist fəaliyyəti hər zaman daha öndə olub və bundan sonra da öndə olacaq. Bunun da əsas səbəbi peşəkarlıqdır. Bu günün məhkəmə sistemi də peşəkar jurnalistika tələb edir. Şəxsi və ailə həyatına dair sirlərə hörmət, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması, habelə əhalinin məhkəmə sistemi barədə maarifləndirilməsi, məhkəmə fəaliyyəti barədə məlumatların doğru-düzgün ictimaiyyətə çatdırılması jurnalist peşəkarlığından asılıdır.
Hazırda Ali Məhkəmə olaraq biz də ictimaiyyətlə əlaqələrimizi genişləndirmək istiqamətində səylərimizi artırırıq. Qeyd edim ki, Ali Məhkəmənin qərarları anonimləşdirilməklə elektron saytda dərc edilir. Eyni zamanda bizim mətbuat xidməti media qurumları ilə sıx əməkdaşlıq edir. Ali Məhkəmənin rəsmi elektron saytı ilə yanaşı, sosial şəbəkələrdə də hesabları fəaliyyət göstərir”, - deyə İnam Kərimov qeyd edib.