RƏSMİ XRONİKA
İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ SUXARTO İLƏ GÖRÜŞMÜŞDÜR
General Suxarto Heydər Əliyev ilə görüşündən şərəf duyduğunu söyləyərək dedi ki, o, Azərbaycanla sıx əlaqələr qurulmasına xüsusi əhəmiyyət verir.
İndoneziya Prezidenti öz ölkəsində həyata keçirilən 25 illik iqtisadi proqramın nəticələri haqqında geniş məlumat verdi və bildirdi ki, bu proqramın öyrənilməsi yenicə müstəqillik qazanmış, bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycan üçün fayda verə bilər.
Onun haqqında söylədiyi dəyərli sözlərə, verdiyi məlumatlara, Azərbaycana kömək üçün əməli təklifə görə cənab Suxartoya minnətdarlığını bildirən Heydər Əliyev dedi ki, o, İslam aləmində və ümumiyyətlə dünyada bloklara qoşulmayan bir ölkə kimi böyük nüfuza malik olan İndoneziyanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir. Azərbaycan rəhbərinin fikrincə, ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar vardır və hər iki tərəf bu əlaqələrin daha da sıxlaşdırılmasına diqqəti artırmalıdır.
Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzündən, ölkəmizin bu müharibəni beynəlxalq təşkilatlar vasitəsilə, sülh yolu ilə başa çatdırmaq istiqamətində fəaliyyətindən, qaçqınların ağır şəraitindən söhbət açdı.
Mehribanlıq və dostluq şəraitində keçən görüşün axırında Heydər Əliyev Prezident Suxartonu Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. İndoneziya Prezidenti də Azərbaycan dövlətinin başçısını öz ölkəsinə rəsmi səfərə dəvət etdi və bu dəvət də razılıqla qarşılandı.