İndoneziyada 27 Sentyabr – Anım Günü ilə əlaqədar xeyriyyə tədbiri keçirilib
Pekin, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Cakarta şəhərində yerləşən Panti Asuhan Putera Setia uşaq evində xeyriyyə tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rukun İstri Sejahtera Fondunun sədri xanım Hj. Endanq Damayanti Soeseno tədbirin təşkilinə, uşaqlara göstərilən qayğıya görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib. O, Azərbaycan və İndoneziya arasında dostluq münasibətlərinin və insanlararası əlaqələrin əhəmiyyətini vurğulayıb.
Ölkəmizin İndoneziyadakı səfiri Ramil Rzayev 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu günün 2020-ci il Vətən müharibəsində Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatını itirmiş şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd edib.
O, şəhidlərin fədakarlığının gələcək nəsillərin, xüsusilə uşaqların və gənclərin dinc, təhlükəsiz və firavan şəraitdə yaşaması naminə olduğunu vurğulayıb. Şəhidlərin xatirəsinə ən böyük ehtiramın gələcək nəsillər üçün daha yaxşı və sülh şəraitinin yaradılması olduğunu bildirib.
Səfir, həmçinin xeyriyyə tədbirinin Azərbaycan və İndoneziya xalqları arasında dostluq əlaqələrinin, xüsusilə gənc nəsillər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət etdiyini deyib.
Uşaqlar Azərbaycanla bağlı hazırladıqları rəsmlərdən ibarət sərgi nümayiş etdirərək ölkəmizə, onun tarixinə və mədəniyyətinə olan maraqlarını ifadə ediblər. Səfirlik tərəfindən uşaqlara ehsan verilib və müxtəlif hədiyyələr təqdim olunub.