ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda AzCloud xidməti yaradılmışdır
Bakı, 3 iyul (AZƏRTAC). Azərbaycanda ilk dəfə olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompyuter şəbəkəsində Cloud Computing (AzCloud) xidməti istifadəyə verilmişdir.
İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, xidmət çərçivəsində böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin ən qısa zamanda həlli üçün virtual hesablama maşınları təqdim olunur. AzCloud xidməti “infrastructure as a service” modeli əsasında, IBM SmartCloud Provisioning proqram təminatının bazasında qurulmuşdur.
İnstitutun baş mühəndisi Rəşid Ələkbərovun verdiyi məlumata görə, AMEA-nın strukturuna daxil olan institut və təşkilatların əməkdaşları bu xidmətdən ödənişsiz istifadə edə bilərlər.
Qeyd edək ki, gələcəkdə Cloud Computing xidmətinin “software as a service” modelinin AzScienceNet elm kompyuter şəbəkəsində qurulması da nəzərdə tutulur.
AzCloud xidməti haqqında ətraflı məlumatı www.azsciencenet.az saytından almaq olar.