ELM VƏ TƏHSİL
İNŞAAT MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TƏDBİR
Tədbirin iştirakçıları, əvvəlcə, ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan sarayın qarşısındakı parkda ucaldılmış abidəsi önünə əklil qoymuşlar.
Onlar Şəhidlər xiyabanını da ziyarət etmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd mübarizlərin məzarı üzərinə tər qərənfillər düzmüşlər.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova açılış mərasimindəki çıxışında tədbirin əhəmiyyətini qeyd etmiş, iclasın işinə uğurlar arzulamışdır.
Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov və digər çıxış edənlər vurğulamışlar ki, iclasın Bakıda keçirilməsi təhslin keyfiyyətinin yüksəlməsində, ölkəmizdə bu sahədə aparılan islahatların dünya təhsil sisteminə inteqrasiyasında mühüm rol oynayacaqdır. Azərbaycanın Bolonya prosesinə qoşulduğunu diqqətə çatdıran natiqlər bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs etmişlər.
Moskva Dövlət İnşaat Universitetinin rektoru Valeri Teliçenko Assosiasiyanın 123 universiteti birləşdirdiyini bildirmiş, Rusiyadan və MDB-dən olan bu universitetlər arasında sıx əlaqələrin mövcudluğundan danışmışdır. Vurğulamışdır ki, iclaslar MDB–nin və Rusiyanın ayrı-ayrı bölgələrindəki universitetlərdə keçirilir. Həmin iclaslarda yuksəkixtisaslı inşaatçı mütəxəssislərin hazırlanmasına dair bir sıra məsələlər müzakirə olunur, bu sahədə təhlükəsizlik və ekologiya amillərinə daha çox diqqət yetirilir.
Sonra iclasın işçi qrupu gündəlikdə duran məsələlərin müzakirəsinə başlamışdır.
İclas oktyabrın 14-də işini davam etdirəcəkdir.