“İNŞAATÇI” QƏZETİNİN 50 YAŞI VAR
Azərdövlətsənayelayihə İnstitutunun iclas salonunda “İnşaatçı” qəzetinin 50 illiyinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbirə toplaşanlar vaxtilə “İnşaatcı”da çalışıb dünyasını dəyişən jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Respublika Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri Şair Həsənov yığıncağı açaraq, 50 illik yubileyini 5000-ci nömrəsi ilə qarşılayan “İnşaatcı”nın əməkdaşlarını təbrik etdi. O vurğuladı ki, qəzet yarım əsrlik yubileyini müstəqil dövlətimizdə, ölkəmizdə mətbuat və söz azadlığının geniş vüsət aldığı və uğurlu iqtisadi islahatların aparıldığı bir vaxtda qeyd edir. Qəzetin tarixindən söhbət açan komitə sədri xatırlatdı ki, əlli il əvvəl Kür-Araz Su Tikintisi Baş İdarəsinin orqanı kimi “Kommunizm tikintisi” adı ilə nəşrə başlayan qəzet sonralar müxtəlif adlarla cap olunmuşdur. 1959-cu ildən isə sahə qəzeti, Dövlət Tikinti və Arxitektura Komitəsinin və Tikinti İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin orqanı kimi “İnşaatçı” adı ilə çıxmışdır.
Sonra qəzetin redaktoru Oqtay Cəfərov məruzə edərək, Azərbaycanda tikinti işlərinin güzgüsünə çevrilən “İnşaatçı”nın ötən illərdəki fəaliyyətindən, müraciət etdiyi mövzulardan, qaldırdığı problemlərdən, ölkə mətbuatınin inkişafındakı xidmətlərindən danışdı.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Telman Əliyev, bənna-şair Pənah Əliyev, “Azərkəndtikinti” Səhmdar Cəmiyyəti sədrinin müavini Rauf Məmmədzadə, “Xalq qəzeti”nın əməkdaşı Telman Əliyev və başqaları “İnşaatçı”ya ünvanlanmış yubiley təbriklərini oxudular.
Axırda qəzetin əməkdaşlarına Azərbaycan Jurnalistlər Birliyinin, Dövlət Tikinti və Arxitektura Komitəsinin mükafatları təqdim olundu.