İntellektual çoxnövçülük üzrə Quba liqası yekunlaşmışdır
Bakı, 21 noyabr (AZƏRTAC). İntellektual çoxnövçülük üzrə Quba liqası yarışlarının final mərhələsinin oyunları keçirilmişdir.
Yarışlar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qubada intellekt liqasının yaradılması” layihəsi çərçivəsində təsis edilmişdir.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, final mərhələdə seçim turlarını uğurla adlayan 12 komanda 4 növ üzrə mübarizə aparmışdır. Komandalar əvvəlcə “Nə? Harada? Nə zaman?” mərhələsində qüvvələrini sınamışlar. Bu mərhələdə “Zəka” komandası birinci, “Fətəlixan” komandası ikinci və “Favorit” komandası isə üçüncü olmuşdur.
İkinci mərhələdə isə bu üçlüklə yanaşı, digər 5 komanda da “Xəmsə” yarışı üzrə mübarizə aparmışlar. Bu mərhələdə iki qrupa bölünən komandalar arasında ilk iki yeri tutan kollektivlər finalda üz-üzə gəlmişlər. Yekunda bu mərhələnin qalibi adını “Uran” gəncləri qazanmışdır. “Zəka” ikinci, “Kritik gənclər” üçüncü, “Qımılqışlaq” isə dördüncü olmuşdur.
Eyni 8 komanda üçüncü mərhələdə - Breyn rinq mərhələsində olimpiya sistemi ilə mübarizə aparmışlar. Dörddəbir finalda “Zaman” “Zəka”ya, “Fətəlixan” “Uran”a, “Favorit” “Qımılqışlaq” komandasına, “Səma” isə “Kritik gənclər”ə qalib gələrək ikidəbir finala adlamışdır. İkidəbir final mərhələsinin yekununda “Favorit” “Zaman”la üçüncü yer uğrunda, “Fətəlixan” isə “Səma” ilə qalib adı uğrunda yarışmışdır. Yekunda bu mərhələnin qalibi adını “Səma” intellektləri qazanmış, “Fətəlixan” ikinci, “Favorit” isə üçüncü olmuşdur.
Son mərhələdə isə komandalar fərdi oyunda qarşılaşmışlar. Bu mərhələnin qalibi adını “Zəka” komandasının təmsilçisi Vüqar Hüseynov qazanmışdır.
Yekunda hər mərhələdə komandaların topladığı xalların nəticəsində “Zəka” komandası 55 xalla Quba liqasının qalibi adını qazanmışdır. “Fətəlixan” komandası ikinci, “Səma” komandası üçüncü yeri tutmuşdur.
Sonda qaliblərə diplomlar, medallar, xatirə hədiyyələri və kuboklar təqdim edilmişdir.