“International Airport Review” jurnalında Heydər Əliyev Beynəlxalq Aeroportu haqqında məqalə yerləşdirilib
Bakı, 21 dekabr, Elvin Camalov, AZƏRTAC
Aviasiya sayəsində nüfuzlu nəşrlərdən biri - “International Airport Review” jurnalının yeni buraxılışında Heydər Əliyev Beynəlxalq Aeroportu haqqında məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Azərbaycanın ən əsas hava limanı olduğu bildirilir. Qeyd edilib ki, hər il bu aeroportdan 50-dən çox istiqamətə 4 milyondan çox sərnişin daşınıb. “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin əsas bazası olan bu aeroportda 30-dan çox xarici aviaşirkət fəaliyyət göstərir.
Məqalədə Heydər Əliyev Beynəlxalq Aeroportunun yaranma tarixinə də nəzər salınıb. Aeroportun “Terminal -1” ərazisinin möhtəşəmliyi, memarlıq üslubu, dizaynı və “Terminal-1”də göstərilən xidmətlər barədə məlumat verilir, bir çox beynəlxalq reytinqlərdə bu binanın ön sıralarda yer tutmasından da söz açılır. Bildirilir ki, burada sərnişinlərin ehtiyacı yaranacağı təqdirdə 24 saat tibbi mərkəz fəaliyyət göstərir. Aeroportun 90-cı illərin sonunda qurulan ikinci terminalının ərazisində isə əsasən daxili uçuşlar və “Buta Airways”in xaricə uçuşları həyata keçirilir.
“Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”ın maksimal “5 Ulduz” statusuna layiq görülüb. Aeroport böyük nəqliyyat-tranzit mərkəzi rolunu oynayır. Burada sərnişinlərin rahat alış-veriş edəcəkləri yer, 78 “check-in” masası, 20-dən çox lift, 1500-dən çox nəqliyyat vasitəsini qəbul edə biləcək avtomobil parkı var. Burada sərnişinləri şəhərin mərkəzinə aparan, öz rahatlığı ilə seçilən “Ekspress” avtobuslar da fəaliyyət göstərir”, - deyə məqalədə bəhs edilir.
Həmçinin “Baku Cargo Terminal” və “Azəraeronaviqasiya” barədə də məqalədə geniş məlumat verilir.