İQTİSADİYYAT
İNVESTİSİYA MÜSABİQƏSİNİN QALİBİ İLƏ MÜQAVİLƏ İMZALANMIŞDIR
Xəbər verildiyi kimi, “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 mart 2001-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Bakı Elektroştamp” Açıq Səhmdar Cəmiyyəti səhmlərinin satışı üzrə keçirdiyi investisiya müsabiqəsində Nurəddin Zülfüqar oğlu Hüseynov qalib gəlmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, iyulun 16-da Dövlət əmlakının özəlləşdirilməsi departamenti və N.Hüseynov arasında “Bakı Elektroştamp” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqı müqaviləsi imzalanmışdır.
Müqaviləyə əsasən, N.Hüseynov dövlət büdcəsinə 980 milyon manat köçürülməsi və 34 min ədəd dövlət özəlləşdirmə çekinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinə təqdim edilməsi barədə öhdəlik götürmüşdür.
Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya proqramına əsasən, “Bakı Elektroştamp” Açıq Səhmdar Cəmiyyətində əsas bina və qurğuların təmirinə, yeni avadanlığın alınmasına, yeni texnologiyanın tətbiqinə və sair işlərə 18 ay ərzində 2 milyard manat həcmində investisiya qoyuluşu planlaşdırılır.
İnvestisiya proqramında işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.