İnzibati rəhbər vəzifələr üzrə keçirilən test imtahanından müvəffəqiyyət qazanmış şəxslərin nəzərinə!
Bakı, 2 aprel, AZƏRTAC
İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün martın 31-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün aprelin 2‑dən 16-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin surətinin, əmək kitabçasının surətinin (olduğu halda) skan edilmiş surətləri formaya əlavə olunur.
Müraciət formasına daxil edilən məlumatların və əlavə edilən sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda namizəd həmin sənədin (sənədlərin) müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulan vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan olunan müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.