REGİONLAR
İpək emalının modern texnologiyalarla təşkili rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfə verəcək
Bakı, 27 yanvar, AZƏRTAC
İpək emalının modern texnologiyalarla həyata keçirilməsi rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfə verəcək.
Bunu ipək emalı sənayesinin inkişaf etdirilməsi ilə bağlı AZƏRTAC-ın sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Ölkəmizdə ipəkçilik üzrə geniş ənənələrin mövcud olduğunu vurğulayan F.Fikrətzadə bildirib ki, Azərbaycan dünyada ipək xammalını istehsal etmək təcrübəsinə malik 20-25 ölkədən biridir: “Bu da bizə imkan verir ki, ipək sənayesini daha da inkişaf etdirək. Bunun üçün ipək xammalı bazası genişlənməlidir. İpəkçiliyin inkişafında ipəkqurdunun yem bazası, tut bağları mühüm amildir. Biz tut bağları salırıq ki, baramaçılıq inkişaf etsin, ipək xammalı bazası genişlənsin. Burada ən böyük çağırışlardan biri də barama istehsalının artırılmasıdır. Eyni zamanda, ipək emalı sənayesi modern texnologiyalarla təşkil olunmalıdır. Bu, həm keyfiyyətin, həm də rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfə verəcək”.