“İpək yolu” jurnalının xüsusi buraxılışı Qarabağ tarixinə həsr edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Qarabağa erməni iddialarını qətiyyətlə rədd edən “Qarabağ Azərbaycandır!” ifadəsi Azərbaycan Universitetinin kollektivini bu devizlə bir toplu hazırlamağa sövq etdi. Qısa müddət ərzində universitetimizin professor-müəllim heyəti tərəfindən, Qarabağ tarixinin müxtəlif dövrləri üzrə respublikanın tanınmış mütəxəssisləri də cəlb edilməklə, Qarabağın ən qədim zamanlardan bizim günlərə qədərki tarixini əks etdirən məqalələr hazırlandı.
Bu barədə AZƏRTAC-a Azərbaycan Universiteti rektorunun müşaviri tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva məlumat verib. O bildirib ki, həmin məqalələr Azərbaycan Universitetinin elmi nəşri olan “İpək yolu” jurnalının xüsusi buraxılışı kimi toplu halında dərc edildi. Topluda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi dövrlərinə, müzəffər Ordumuzun Vətən müharibəsində erməni işğalçı qüvvələri üzərində böyük Qələbəsinə həsr olunmuş sanballı məqalələr yer alır.
Təqdim edilmiş məqalələrdə bu diyarın Azərbaycan türklərinin əzəli yurdu olması, ata-babalarımızın minilliklər boyu burada davamlı yaşaması ilkin mənbələr əsasında sübut edilir. Topluda Qarabağın azad edilməsini şərtləndirən amillərin, işğal edilmiş ərazilərdə erməni vandalizmini əks etdirən faktların şərhinə xüsusi diqqət yetirilib. “İpək yolu” jurnalının xüsusi buraxılışı Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın yazdığı “Ön söz”lə başlayır. Xüsusi buraxılışda professor Qabil Əliyevin “Böyük zəfərin memarları”, dosent Təvəkkül Əliyevin “Qarabağ - qədim sivilizasiya beşiyi”, professor Qasım Hacıyevin “Qarabağın qədim və orta əsr şəhərləri”, tarix üzrə fəlsəfə doktoru Məhəmməd Əliyevin “Qarabağ III-VII əsrlərdə”, tarix üzrə fəlsəfə doktoru Ramil Ağayevin “Qarabağ VII-IX əsrlərdə”, professor Tofiq Nəcəflinin “Qarabağ XV-XVII əsrlərdə” məqalələri dərc edilib.
Həmçinin xüsusi buraxılışda dosent Emilya Əliyevanın “Qarabağ xanlığı”, dosent Güntəkin Nəcəflinin “Qarabağın xristian alban məlikləri”, professor Camal Mustafayevin “Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri”, dosent Rəna Əsədovanın “Qarabağ bölgəsində erməni silahli dəstələrinin azərbaycanlı əhaliyə qarşı qətl və qarətləri (XX əsrin əvvəlləri)”, professor İsmayıl Musanın “Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağ general-qubernatorluğu: problemlər və nəticələr”, dosent Nüşabə Quliyevanın “Qarabağda dini və mədəni abidələrə qarşı erməni vandalizmi”, professor Habil Məmmədovun “Qarabağda erməni saxtakarlığı tarixindən” və digər məqalələr yer alıb.
“Ümid edirik ki, Azərbaycan Universiteti kollektivi tərəfindən hazırlanmış bu toplu Qarabağ haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına layiqli bir töhfə olacaq, ermənilərin Qarabağa iddialarını təkzib etmək üçün tutarlı dəlil-sübut kimi istifadə olunacaq”,- deyə Nüşabə Quliyeva bildirib.