İQOR İVANOV: RUSİYA ÜÇÜN TƏHLÜKƏ QAFQAZDA VƏ ASİYA SƏRHƏDİNDƏDİR
Rusiyanın xarici işlər naziri İqor İvanov bəyan etmişdir ki, Rusiya üçün təhlükə Qafqazda və Asiya sərhədindədir.
RF XİN-in başçısı “İzvestiya” qəzetinə müsahibəsində demişdir: “Biz belə hesab edirdik ki, əsas təhlükələrdən biri qlobal nüvə fəlakəti, yaxud ABŞ və NATO tərəfindən təcavüz deyil, Əfqanıstandan ola biləcək təhlükədir. Ona görə də biz Şimal alyansını dəstəkləyərkən oradakı rejimi dəyişdirməyi deyil, - bu, ölkənin daxili işidir, - sərhədlərimizdən təhlükəni uzaqlaşdırmağı qarşımıza vəzifə qoymuşduq. Beynəlxalq antiterror koalisiyasının birgə səylərlə nail olduğunu Rusiya müstəqil həll edə bilməzdi”. O, qeyd etmişdir ki, “Amerikanın Mərkəzi Asiyada hərbi qüvvələr saxlamasına BMT Təhlükəsizlik Şurasının Əfqanıstanda sülhyaratma əməliyyatı üçün müəyyənləşdirəcəyi müddətlər nəzərə alınmaqla haqq qazandırılardı”. İTAR-TASS-ın verdiyi xəbərə görə, nazir bildirmişdir ki, “Əfqanıstan hökuməti onu əsas tutur ki, öz ordusunu və təhlükəsizlik qüvvələrini formalaşdırmaq üçün ona 18 ay kifayətdir”. İkitərəfli münasibətlərə gəldikdə, İqor İvanov demişdir ki, “Mərkəzi Asiya ölkələri bu məsələləri öz mövqelərini nəzərə alaraq tənzimləyəcəklər”. O demişdir: “ABŞ hökumətinin nümayəndələri bizi əmin etmişlər ki, onlar regionda uzun müddət hərbi qüvvələr saxlamaq fikrində deyildirlər”.