İqtisadçı-ekspert: Naxçıvana ayrılan vəsaitlər regionun iqtisadi inkişafına güclü təkan verəcək
Bakı, 13 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitlərin təsnifatına nəzər saldıqda görünür ki, burada dövlət tərəfindən həyata keçirilən konseptual bir yanaşma mövcuddur. Bu maliyyə dəstəyi ilk növbədə əhalinin hayat şəraitinin yaxşılaşdırılmasına, sosial layihələrin icrasına, xidmətlərin əlçatanlığının təmin edilməsinə, eləcə də nəqliyyat və digər infrastruktur layihələrinin yenilənməsinə yönəldilib. İnfrastrukturun bərpası və sosial layihələrin reallaşması regionun növbəti mərhələdəki iqtisadi inkişafı üçün güclü təkan rolunu oynayacaq. Genişmiqyaslı dövlət xərcləmələrindən sonra əsas hədəf regionda gəlirli biznes subyektlərinin, yeni iqtisadi sahələrin yaranmasını dəstəkləmək və mühiti canlandırmaqdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli səsləndirib.
O bildirib ki, Naxçıvanda strateji sahələr üzrə potensial və imkanlar böyükdür: “Muxtar respublikada Sənaye Parkının yaradılması nəzərdə tutulur. Naxçıvanın həm ənənəvi, həm də orqanik kənd təsərrüfatı məhsullarının emalı sənayesi üzrə böyük potensialı var və yeni infrastrukturlar bu potensialın reallaşmasına birbaşa dəstək verəcək. Kənd təsərrüfatında subsidiyalaşma ümumi olsa da, Naxçıvanda salınan intensiv bağlara daxil olan bağçılıq sahələrinə ölkənin digər regionları ilə müqayisədə daha yüksək subsidiyalar ayrılır. Eyni zamanda, son 3-4 ildə qanunvericiliyə edilən dəyişikliklərlə kiçik və orta biznes, xüsusilə istehsalat sahələri üçün ciddi vergi güzəştləri və xüsusi üstünlüklər tətbiq olunur”.
Ekspert yaşıl enerji və ixrac imkanlarından danışarkən Naxçıvanın yaxın gələcəkdə enerji ixrac edən regional mərkəzlərdən birinə çevrilmək potensialına malik olduğunu qeyd edib: “Naxçıvan artıq uzun illərdir ki, istehsal etdiyi alternatv enerjinin bir hissəsini ixrac edir. Regionun yaşıl enerji imkanları gələcəkdə ölkənin ixrac daxilolmalarını artırmaq üçün vacib bazalardan biridir. Digər tərəfdən regionun turizm sahəsində hələ də istifadə olunmamış böyük potensialı var. İnfrastrukturun yaxşılaşdırılması və nəqliyyat əlçatanlığının artırılması turizm axınının formalaşmasına birbaşa təsir göstərəcək”.
C.İbrahimli deyib ki, uzun illər boyu coğrafi və nəqliyyat məhdudiyyətləri səbəbindən Naxçıvan müəyyən çətinliklərlə üzləşsə də, dövlətin ardıcıl dəstəyi bu problemlərin aradan qaldırılmasına xidmət edir. Atılan bu addımlar və ayrılan əlavə vəsaitlər nəticə etibarilə biznes mühitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, Muxtar Respublikanın özünütəminat səviyyəsinin və əhalinin rifahının daha da yüksəlməsinə zəmin yaradır.