İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ İŞLƏMƏK İSTƏYƏNLƏR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLƏCƏK
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, namizədlərdən sənəd qəbulu İİN tərəfindən bu il sentyabrın 1-dən 30-dək aparılmışdır.
30 vakant yerə 296 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlər Azərbaycan, Rusiya və Türkiyənin 26 ali məktəbinin məzunlarıdır. Onların arasında Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları daha çoxdur.
Namizədlər 60-dək ixtisas üzrə təhsil almışlar. Onların arasında maliyyə və kredit, mühasibat uçotu və audit, menecment, iqtisadi kibernetika, beynəlxalq iqtisadi münasibətlər, marketinq, informatika və hesablama texnikası, dövlət və bələdiyyə idarəçiliyi və digər ixtisaslar vardır.
İqtisadi İnkişaf Nazirliyi tərəfindən namizədlərə 100 sualdan ibarət test nümunələri toplusu, imtahana “Buraxılış vərəqəsi” və “Yaddaş kitabçası” paylanmışdır.
İqtisad Universitetinin binasında keçiriləcək imtahanın müddəti 3 saatdır. Namizədlərə 100 test tapşırığı təqdim olunacaqdır. 80 sual namizədin iqtisadiyyat üzrə biliyini, 20 sual isə məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Test imtahanında 100 mümkün baldan ən azı 80 bal toplamış namizədlər 2-ci mərhələyə buraxılırlar.
Namizədlərin “Cavab kartı”nın yoxlanılması imtahandan dərhal sonra ictimai müşahidəçilərin iştirakı ilə həyata keçiriləcəkdir. İmtahanın nəticələri İqtisadi İnkişaf Nazirliyinə təqdim olunacaqdır. Hər bir namizəd imtahanın nəticələrinə dair məlumat–arayışı İİN-dən ala bilər.
Nəticələr imtahan keçirildiyi gün TQDK-nın İnternet saytında (vvvvvv.tqdk.gov.az) yerləşdiriləcəkdir. Testin nəticələrindən narazı qalanlar İİN-ə müraciət edə bilərlər.