İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti nazirliyin ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin tabeliyində olan sağlamlıq kompleksinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.
İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası investisiya qoyuluşuna dair təkliflərin verilməsi idi.
İnvestisiya müsabiqəsinə yekun vurulmuş, müsabiqə komissiyasının açıq səsvermə yolu ilə qəbul etdiyi qərara görə, “Abşeron-Ticarət LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
“Abşeron-Ticarət LTD” MMC müsabiqənin şərtlərinə müvafiq olaraq, alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 iş günü müddətində dövlət büdcəsinə 350 milyon manat köçürməli, 30 min ədəd dövlət özəlləşdirmə çeki təqdim etməli, investisiya proqramında nəzərdə tutulan ilkin işlərin həyata keçirilməsi üçün 60 milyon manat məbləğində pul vəsaitini sağlamlıq kompleksinin hesablaşma hesabına köçürməlidir.
Müsabiqənin qalibi alqı-satqı müqaviləsi ilə müəyyən ediləcək digər şərtləri və təqdim etdiyi investisiya proqramında nəzərdə tutulmuş 2 milyard manat məbləğində investisiyanın 18 ay ərzində üç mərhələ üzrə qoyuluşuna dair öhdəliyi yerinə yetirməlidir. İnvestisiyalar binanın mühəndis-kommunikasiya qurğularının (elektrik enerjisi, su, kanalizasiya, ventilyasiya, istilik xətləri və s.) tam yeniləşdirilməsi, əsaslı təmiri və bərpa işləri, təkbətək döyüş növləri üzrə (güləş, karate, sambo, taekvondo və s.), habelə komanda zal idman növləri ilə əlaqədar zalların yenidən qurulması və müvafiq avadanlıq və inventarla təchiz edilməsi, tibb məntəqəsinin təşkili, habelə ərazidə abadlıq işlərinin aparılmasına sərf olunacaqdır.
“Abşeron-Ticarət LTD” MMC investisiya qoyuluşları müddətində 20-dən artıq ixtisaslı fəhlə və mühəndisin tikinti-quraşdırma və təmir-bərpa işlərinə cəlb edilməsi öhdəliyini də götürmüşdür. Sağlamlıq kompleksinin fəaliyyəti tamamilə bərpa olunduqdan sonra kompleksdə 50-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur.
Bundan başqa, əlillərin idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması, əhalinin aztəminatlı kateqoriyalarının və şagirdlərin kompleksin xidmətlərindən güzəştli şərtlərlə istifadəsi nəzərdə tutulmuşdur.