İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən bu ilin aprel ayında ümumi dəyəri 1116,8 milyon manat olan 48 kiçik dövlət müəssisə və obyektinin özəlləşdirilməsi barədə sərəncam verilmişdir.
Kiçik müəssisə və obyektlərin özəlləşdirilməsi zamanı yaranmış borcların ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində ay ərzində büdcəyə daxilolmalar xeyli artmışdır. Kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsindən aprel ayı ərzində vaxtı keçmiş borclarla birlikdə 1811,8 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Ay ərzində daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 108 icarə müqaviləsi bağlanmış, icarəyə verilmiş 69 belə obyektin özəlləşdirilməsi barədə sərəncamlar imzalanmışdır.
İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsindən 1214,3 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 848,6 milyon manat vəsait daxil olmuşdur.
Aprel ayında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsinə dair 18 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi 4 torpaq sahəsi özəlləşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsinə dair 2 müqavilə bağlanmışdır.
Torpaq sahələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə 921,2 milyon manat vəsait daxil olmuşdur.
Hazırda departamentdə özəlləşdirilməmiş kiçik dövlət müəssisə və obyektlərinin dövlətsizləşdirilmə perspektivləri araşdırılır və onların özəlləşdirilməsi üçün nazirliyin şəhər və rayon şöbələri ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir.