İQTİSADİYYAT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI
Məlumat verildiyi kimi, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları”na müvafiq olaraq, İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin tabeliyində olan sağlamlıq kompleksinin satışı üzrə investisiya müsabiqəsi keçirilmiş və müsabiqə komissiyasının qərarına əsasən “Abşeron-Ticarət Ltd.” Məhdud Məsuliyyətli Cəmiyyəti müsabiqənin qalibi elan olunmuşdu.
8 may 2002-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti və müsabiqənin qalibi “Abşeron-Ticarət Ltd.” MMC arasında sağlamlıq kompleksinin satışı üzrə alqı-satqı müqaviləsi imzalanmışdır.
Müqaviləyə əsasən, “Abşeron-Ticarət Ltd.” MMC dövlət büdcəsinə 350 milyon manat köçürməli və 30 min ədəd dövlət özəlləşdirmə çekini Dövlət əmlakının özəlləşdirilməsi departamentinə təqdim etməlidir.
Müsabiqə qalibinin təqdim etdiyi investisiya proqramına əsasən, sağlamlıq kompleksinin bərpası, yenidən qurulması və fəaliyyətinin inkişaf etdirilməsinə növbəti bir il yarım ərzində 2 milyard manat həcmində investisiya qoyuluşu planlaşdırılır.
Investisiya proqramının icrası müddətində 20 nəfərdən artıq ixtisaslı fəhlə və mühəndisin tikinti-quraşdırma və təmir-bərpa işlərinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Idman kompleksinin fəaliyyəti bərpa olunduqdan sonra kompleksdə 50-dən artıq yeni iş yeri açılacaqdır. Proqramda həmçinin, əhalinin aztəminatlı təbəqələrinin kompleksin xidmətlərindən güzəştli istifadəsi, tibbi xidmət məntəqəsinin yaradılması da nəzərdə tutulmuşdur.