“İqtisadiyyat və həyat” jurnalının ilk nömrəsinin çapdan çıxmasından 50 il keçir
Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da “İqtisadiyyat və həyat” aylıq elmi-nəzəri, təcrübi jurnalının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktorunun müavini Bəhlul Eminli tədbir iştirakçılarına bu nəşrin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat vermişdir. Bildirmişdir ki, əsası 1961-ci ildə qoyulmuş jurnal 1991-ci ilədək “Texniki tərəqqi uğrunda” və “Azərbaycan xalq təsərrüfatı” adları ilə nəşr olunmuşdur. 1991-ci ildən etibarən “İqtisadiyyat və həyat” adı altında nəşr edilir. Jurnalda tanınmış alim və ziyalıların çoxsaylı elmi-nəzəri, təhlili materialları dərc edilmiş, ölkə iqtisadiyyatının, eləcə də iqtisad elminin inkişafında, iqtisadçı alimlərin yetişməsində mühüm rol oynamışdır.
Baş redaktor İmran Mehdiyev diqqətə çatdırmışdır ki, jurnal ölkə ictimaiyyətinin, o cümlədən gənc iqtisadçıların maariflənməsində, onların daha dərin iqtisadi biliklərə yiyələnməsində mühüm rol oynayır. Jurnalın fəaliyyəti Azərbaycanda sosial-iqtisadi siyasətin reallaşmasına, insanların iqtisadi biliklərinin artırılmasına istiqamətlənmişdir.
Tədbirdə jurnalın redaksiya heyətinin üzvü Əli Əlirzayev və başqaları çıxış edərək nəşrin kollektivini əlamətdar yubiley münasibətilə təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışlar. Vurğulanmışdır ki, jurnal uzun illərdir iqtisadi və sosial sahədə aparılan tədqiqatları oxuculara çatdırır, ölkədə həyata keçirilən iqtisadi islahatları öz səhifələrində geniş işıqlandırır.
Qeyd edək ki, jurnalın yubiley nömrəsi “50 il sizinlə” adı altında oxuculara təqdim olunmuşdur. Bu nömrədə jurnalın yaranma tarixi, hazırkı fəaliyyəti barədə məlumat verilmiş, həmçinin iqtisadi mövzulara dair müxtəlif materiallar dərc edilmiş, jurnalın redaksiya heyəti və yaradıcı kollektivinə ünvanlanmış təbriklər yer almışdır.