İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
İsmayıllı, 10 may, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyətinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər mədəniyyət mərkəzinin böyük zalında təşkil olunan tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevə həsr edilən film göstərilib.
Elmi konfransda rayon icra hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqovun məruzəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorları Arif Şəkərəliyevin, Qabil Manafovun çıxışları dinlənilib.
Məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin iqtisadi strategiyasının nəzəri əsaslarından, praktik nəticələrindən, ölkəni 90-cı illərin əvvəllərində daha da dərinləşən iqtisadi və maliyyə böhranlarından bacarıqla xilas etməsi ilə əlaqədar gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışılıb.
Milli Məclisin deputatı Tahir Kərimli çıxışında Ümummilli Liderin SSRİ dövründəki fəaliyyətindən, Azərbaycana yenidən rəhbər gəldikdən sonra çoxistiqamətli xilaskarlıq missiyasından, iqtisadi strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.