SİYASƏT
İRAN AZƏRBAYCAN PREZIDENTININ XƏZƏR DƏNIZI BARƏSINDƏKI BƏYANATINI YÜKSƏK QIYMƏTLƏNDIRIR
Tehran. İran İslam Respublikasının xarici işlər naziri Kəmal Xərrazi Xəzər dənizi ilə bağlı problemlərin danışıqlar yolu ilə aradan qaldırılması barədə Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatını yüksək qiymətləndirmişdir.
Bu barədə ilk məlumat iyulun 27-də axşam İran televiziyası ilə verilmişdir. Televiziyanın məlumatına görə, K.Xərrazi bildirmişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyev İranın Bakıdakı səfiri ilə görüş zamanı İranla əlaqələrin qarşılıqlı əməkdaşlıq əsasında inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyini söyləmişdir.
İranın öz qonşuları ilə həmişə yaxşı münasibətlər yaratmaq istədiyini vurğulayan Xərrazi demişdir ki, Xəzər dənizinin dostluq və sülh dənizi olması üçün səyylər göstərilməlidir. Bununla yanaşı, o, bildirmişdir ki, İran Xəzər dənizində özünün mənafelərini ciddi şəkildə qoruyacaqdır.
İran nazirinin fikrincə, sahilyanı dövlətlər Xəzərin hüquqi statusu qəti müəyyən olunana qədər digər dövlətlərin mövqeyini nəzərə almalı və qarşılıqlı anlaşılmazlıq yarada biləcək hər hansı addımdan çəkinməlidirlər.
Kəmal Xərrazi sahilyanı ölkələri Xəzər dənizi ilə bağlı 1921 və 1940-cı illərdə imzalanmış sazişlərə əməl etməyə, dənizin yeni hüquqi statusunu müəyyənləşdirmək üçün bu ölkələr arasında daimi müzakirələr apararaq, fikir ayrılıqlarını aradan qaldırmağa çağırmışdır.
K.Xərrazi İranın rəsmi Azərbaycanla danışıqlar aparmağa hazır olduğunu bildirmiş və İran Xarici İşlər Nazirliyinin notasına və mövqeyinə istinad edərək demişdir ki, İran-Azərbaycan əməkdaşlığında müsbət nəticələrə nail olmaq üçün şəksiz səylər göstərəcəkdir.
Üzeyir Kərimov
Azərtac-ın xüsusi müxbiri
Tehran