İran Hindistan istehsalı olan “Baharat” peyvəndini idxal edib
Tehran, 9 oktyabr, AZƏRTAC
İran Hindistan istehsalı olan “Baharat” peyvəndini idxal edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Gömrük Komitəsinin rəis müavini Mehirdad Cəmali məlumat verib. O bildirib ki, Hindistandan daxil olan peyvənd elə hava limanında da Səhiyyə Nazirliyinə təhvil verilib. Onun sözlərinə görə bu günə kimi İran 80 milyon doza müxtəlif ölkələrin istehsalı olan peyvəndlər idxal edib.
İranın Səhiyyə Nazirliyi bildirib ki, İran öz vətəndaşları ilə yanaşı ölkədə yaşamaq hüququna malik xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə və qaçqınlara da peyvənd vurmağı planlaşdırır.
Nazirliyin digər açıqlamasına əsasən isə son sutka ərzində İranda 7 min 654 nəfərin koronavirusa yoluxması, 173 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 691 min 634 nəfərə, ölənlərin sayı isə 122 min 370-ə çatıb.
Ölkə üzrə müxtəlif şəhərlərin xəstəxanalarında müalicə alan 5 min 368 xəstənin vəziyyəti ağır olaraq qalır. Bu günə kimi müalicə alan 5 milyon 201 min 515 nəfər sağalaraq evə buraxılıb.
İranda koronavirus infeksiyasının yayılması və ölüm hallarında azalma davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran