“İrəli” gəncləri Azərbaycan Gənclər Gününü silsilə tədbirlərlə qeyd ediblər
Yaxın günlərdə gənc hərbi qulluqçular arasında intellektual turnir keçiriləcək
Bakı, 2 fevral, AZƏRTAC
“İrəli” İctimai Birliyinin üzv və nümayəndələri Fəxri xiyabanda dövlət gənclər siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının xatirəsi dərin ehtiramla anılıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbirlər proqramı çərçivəsində dörd müxtəlif istiqaməti əhatə edən “Gənclər Saatı” proqramı təşkil olunub. “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”, “İnformasiya texnologiyaları: Sıfırdan Birə” və “Təhsilin karyera inkişafında rolu” mövzularını əhatə edən görüşlərdə, habelə gənclərin fiziki dözümlülüyünü gücləndirmək məqsədilə keçirilən “Sağlam gənclik, sağlam gələcək” adlı ustad dərsində ümumilikdə 200-dən çox gənc iştirak edib.
Görüşlərdə qeyd olunub ki, Gənclər Gününün ölkə miqyasında qeyd olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə ixtisaslaşmış dövlət qurumlarından biri olan Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi bu sahəyə ayrılan yüksək diqqətin təzahürü idi. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev gənclərin daim Vətənə sadiq ruhda formalaşmalı olduğunu qeyd edir, vətən torpağını qorumağı hər bir gənc üçün müqəddəs vəzifə kimi qiymətləndirirdi.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sıralarında yer alan cəsur gənclərimizin adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazması həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən biridir. Otuz ilə yaxın davam etmiş işğala son qoyan Azərbaycan gəncliyinin hazırda da bu siyasətin inkişafında yüksək fəallıq nümayiş etdirməsi və ümummilli məsələlərdə yaxından iştirakı “Gənclər saatı” müddətində iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, təşkilat tərəfindən gənclərin ehtiyaclarının öyrənilməsi, “Heydər Əliyev İli” və Gənclər Günü ilə əlaqədar Mingəçevir, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında gənclərlə görüş keçirilib.
Görüşlər zamanı “İrəli” İctimai Birliyinin fəaliyyəti, həyata keçirilən layihələr və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı gənclərə məlumat verilib. Paytaxt gəncləri ilə müqayisədə region gənclərinin resurslara çıxış imkanının məhdud olduğunu nəzərə alaraq Birlik tərəfindən gənclərlə bu kimi görüşlərin mütəmadi təşkil ediləcəyi vurğulanıb.
Yaxın günlərdə gənc hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili və gənclər arasında intellektual oyunlara marağın artırılması məqsədilə Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı şəhər “N” saylı hərbi hissədə “Nə? Harada? Nə zaman?” intellektual turnirinin də keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı keçirilən tədbirlər planının əsas məqsədi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətləri ilə onları yaxından tanış etmək, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır.