“İrəli” İctimai Birliyi şəhid övladları ilə birgə tədbirlər keçirib
Bakı, 17 noyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid övladlarının asudə vaxtının səmərəli təşkili istiqamətində “Hadigro” şirkəti ilə birgə bir sıra tədbirlər keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlər çərçivəsində ebru sənəti və rəngkarlıq dərsləri təşkil olunub, şəhidlərimizin yadigarlarına badminton, oxçuluq idman növləri üzrə məşqlər keçirilib. Şəhid övladları ebru sənəti ilə yaxından tanış olub, rəngkarlıq dərslərində ətraflı məlumat alıb, öyrəndikləri bilikləri praktiki tapşırıqlarda tətbiq ediblər.
Layihə çərçivəsində İnteraktiv Elm Muzeyinə ekskursiya da təşkil olunub. Ekskursiya zamanı muzeyin qurucusu, mühəndis Elçin Abbasov uşaqlara aerodinamika qanunları, səs dalğaları, maddənin spektr şüalanması və digər elmi bilikləri sadə və interaktiv formada izah edib.
“İrəli” İctimai Birliyi bu istiqamətdə tədbirləri gələcəkdə də həyata keçirəcək.