İRƏVAN TEATRI YENİ TAMAŞALAR HAZIRLAYIR
Teatrın direktor müavini Aytən Məmmədova AZƏRTAC-ın müxbirinə demişdir ki, əməkdar artist Vidadi Əliyevin hazırladığı “Qısqanc ürəklər” komediyasının quruluşçu rəssamı İlqar Əkbərovdur. Baş rollarda xalq artisti Arif Quliyev, əməkdar artistlər Tamella Abdullayeva, Süleyman Nəcəfov və başqaları oynayacaqlar.
Əməkdar artist Vaqif Əsədovun quruluşçu rejissor olduğu “Toros canavarı” dramının rəssamı Adil Azay, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Əsas rollarda tamaşaçılar xalq artisti Arif Quliyevi, əməkdar artistlər Vidadi Əliyevi, Bürcəli Əsgərovu, Elmira İsmayılovanı və başqalarını görə biləcəklər.
Bəhram Osmanovun quruluş və səhnə tərtibatı verdiyi “Müqəddəs Valentin günü” komediyasının da müsiqisini Cavanşir Quliyev bəstələmişdir. Əsas rolları xalq artisti Arif Quliyev və teatrın gənc aktyorları ifa edəcəklər.
Hər üç tamaşa ilin sonuna kimi göstəriləcəkdir.