İrəvan Teatrının “Məhəbbət və ağ ölüm” tamaşası bölgələrdə maraqla qarşılanıb
Bakı, 5 dekabr, AZƏRTAC
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşası ilə bölgələrdə çıxış edib.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
İmişli və Sabirabad rayonlarında təqdim olunan tamaşa Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində reallaşıb.
Səhnə əsəri böyük maraqla qarşılanıb.
Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.