İrina Zaretska Tokioda Karate1 Premyer Liqa turnirinin finalına çıxıb
Tokio, 7 sentyabr, AZƏRTAC
Qadın milli komandamızın lideri İrina Zaretska (-68 kq) Tokioda Karate1 Premyer Liqa turnirinin finalına çıxıb.
AZƏRTAC xəbər verir ki, İ.Zaretska serbiyalı, braziliyalı və yunanıstanlı idmançılar üzərində qələbədən sonra yarımfinalda avstriyalı Alisa Buçingerə də qalib gəlib. Finalda karateçimizi fransalı Alizee Agye ilə görüş gözləyir.
Daha bir medal şansını Ayxan Mamayev (-84 kq) qazanıb. Makedoniya, İran, Fransa və Mərakeş idmançılarına qalib gələrək yarımfinala yüksələn A.Mamayev yaponiyalı rəqibi Ryutaro Araqaya minimal fərqlə uduzaraq bürünc medal görüşünə qatılmalı olub. Həlledici qarşılaşmada onun rəqibi Qazaxıstan idmançısı İqor Çixmaryov olacaq.
Fərdi yarışlara qatılan digər karateçilərimizdən Pənah Abdullayevlə (-84 kq), Asiman Qurbanlı (+84 kq) birinci görüşdə, Roman Heydərov (kata) ikinci mərhələdə, Turqut Həsənov (-84 kq) isə üçüncü qarşılaşmada məğlub olaraq mübarizəni dayandırıblar.
Medallar uğrunda döyüşlər avqustun 8-də keçiriləcək. Xatırladaq ki, yuxarıda adları qeyd edilən iki idmançımızdan başqa Rafael Ağayev (-75 kq) finalda yaponiyalı Ken Nişimura ilə qarşılaşacaq.
Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov idmançılarımızı dəstəkləmək üçün Nippon Budokanda idman zalında yarışı izləyib, milli komandanın heyəti ilə görüşüb.
Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi gələn il Yay Olimpiya Oyunları zamanı karate yarışlarının keçiriləcəyi Nippon Budokan idman zalında təşkil olunub. Yarışa 79 ölkədən 649 karateçi qatılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio