İş yerlərində təhlükəsizlik: Ağdaşda sahibkarlarla müzakirə
Ağdaş, 8 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyindəki “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin, Ağdaş Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, sahibkarlıq subyektlərinin nümayəndələri, eləcə də SƏTƏMM üzrə mütəxəssislər iştirak ediblər.
“Dəyirmi masa”da Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların texniki təhlükəsizlik, eyni zamanda, əməyin mühafizəsi sahəsində qarşılaşdıqları problemlərlə bağlı fikir mübadiləsi aparılıb, fövqəladə hallara hazırlıq və risklərin idarə olunmasına dair məsələlər müzakirə edilib.
Tədbir zamanı əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin yaradılması, texniki təhlükəsizlik tələblərinə riayət edilməsi, istehsalat və xidmət sahələrində risklərin idarə olunması, fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və ilkin davranış qaydaları barədə məlumat verilib.
Həmçinin AZS ISO 45001:2021 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” dövlət standartının müəssisələrdə tətbiqi, “Vision Zero” modelinin təşviqi, sahibkarların qanunvericilikdən irəli gələn öhdəlikləri və preventiv tədbirlərin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.