İŞÇİLƏR İSTİFADƏ ETMƏDİKLƏRİ MƏZUNİYYƏTİN ƏVƏZİNDƏKOMPENSASİYA ALA BİLƏCƏKLƏR
Komissiyanın sədri Hadi Rəcəbli əvvəlcə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə” qanun layihəsi barədə məlumat vermişdir. O bildirmişdir ki, bu sənəd mədəni, vahid sosial məkanda yaşayan MDB ölkələri arasında elm, təhsil, mədəniyyət, idman, kitabxana işi, kütləvi kommunikasiya, informatika sahəsində əməkdaşlıq münasibətlərini tənzimləyəcəkdir. Azərbaycan bu sazişə qeyd-şərtlə qoşulur.
Sonra Azərbaycan Respublikasının 2004-cü il 30 mart tarixli 611-IIQ nömrəli Qanunu ilə qoşulduğu 1993-cü il 29 may tarixli “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarına dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, mövcud qanunda uşaqların övladlığa götürülməsinə nəzarəti qanunla Ədliyyə Nazirliyi həyata keçirirdi. Dövlət başçısının müvafiq Sərəncamı ilə indi bu vəzifə başqa bir icra hakimiyyəti orqanına həvalə ediləcəkdir. Hələlik isə uşaqların övladlığa verilməsinə nəzarət yalnız məhkəmələr tərəfindən həyata keçiriləcəkdir.
“Onkoloji yardım haqqında” qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” komissiya sədrinin müavini Musa Quliyev məlumat vermişdir.
Sonda “Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilmişdir. Bildirilmişdir ki, mövcud qanunda işçilərə müxtəlif səbəblərdən istifadə etmədikləri məzuniyyətə görə kompensasiya ödənilməsi qadağan olunurdu. İndi Əmək Məcəlləsinə təklif olunan dəyişikliklə həmin qadağa aradan götürülür və işçilər istifadə etmədikləri məzuniyyətə görə pul kompensasiyası ala biləcəklər. Məzuniyyətdən imtina isə yalnız işçinin öz arzusu ilə olacaqdır.
Sonda rəy və təkliflər nəzərə alınmaqla, sənədlərin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.