İSLAM KONFRANSI TƏŞKİLATI ÖLKƏLƏRİ MƏTBUAT VƏ İNFORMASİYA NAZİRLƏRİNİN VI KONFRANSI
Martın 8-11-də Qahirədə Misir-Ərəb Respublikasının dəvəti ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mətbuat və informasiya nazirlərinin VI konfransı keçirilmişdir. Müasir dövrdə islam ölkələrinin kütləvi informasiya vasitələrinin roluna həsr edilmiş konfransda 39 ölkənin nümayəndə heyətləri, habelə beynəlxalq islam təşkilatlarının rəhbərləri təmsil olunmuşdu. Azərbaycan nümayəndə heyətinə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başçılıq edirdi.
Azərbaycanın Misirdəki səfiri İsrafil Vəkilov AZƏRTAC-a bildirmişdir ki, müasir dövrdə İKT ölkələri kütləvi informasiya vasitələrinin qarşısında duran mühüm vəzifələr, o cümlədən, informasiyaya dair vasitələrin və mexanizmlərin inkişafı və yeniləşdirilməsi, informasiya sahəsində planların həyata keçirilməsi və maliyyələşdirilməsi, islam ölkələrinin beynəlxalq informasiya sistemində yeri və rolu, media sahəsinə dair etika kodeksinin təkmilləşdirilməsi kimi məsələlər konfrans iştirakçılarının diqqət mərkəzində olmuşdur.
Misir prezidenti Hüsni Mübarəkin adından çıxış edən baş nazir Atif Obeyd Yaxın Şərqdə və xüsusən İraq ətrafında yaranmış ağır böhranın sülh yolu ilə həllinə və bölgədə əmin-amanlığın və sabitliyin bərqərar edilməsinə çağırmışdır.
Misirin informasiya naziri S.əl-Şərif öz çıxışında indiki mərhələdə islam ölkələri arasında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.
İKT-nin baş katibi doktor Əbdül Vahid Bilqaziz islam ölkələrində informasiya sahəsində planların həyata keçirilməsi üçün 3 milyon ABŞ dolları ayrılacağını bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin başçısı Əli Həsənov çıxışında Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, 1 milyon azərbaycanlının yurd-yuvasından didərgin düşərək, əksəriyyətinin indiyədək çadırlarda yaşadığını bildirmişdir. Ə.Həsənov Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, torpaqlarımızın tamamilə azad olunması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, qaçqın-köçkünlərin öz yurdlarına qayıtması barədə müddəaların konfransın yekun qərarına salınmasını xahiş etmiş, münaqişənin həllinə islam ölkələrinin informasiya dəstəyi göstərməsinin vacibliyini vurğulamışdır.
Misirin informasiya naziri S.əl-Şərif Azərbaycan nümayəndəsinin bu təklifini dəstəkləmiş və onun qərar layihəsinə salınacağını bildirmişdir.
Konfrans iştirakçılarının qəbul etdikləri yekun qərarında islam ölkələri arasında informasiya sahəsində daha sıx əməkdaşlığın vacibliyi vurğulanır. Eyni zamanda, iştirakçılar İraqa qarşı müharibənin başlanmasını məqbul hesab etmir və bu ölkənin ərazi bütövlüyünün saxlanmasını, yaranmış böhranın sülh yolu ilə həllini dəstəkləyirlər. Yekun qərarı Fələstin xalqının mübarizəsini dəstəkləyir və İsrail qoşunlarının Fələstin torpaqlarından çıxarılmasını tələb edir. Bundan əlavə, konfrans iştirakçıları Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini, qaçqın-köçkünlərin öz yerlərinə qayıtmasının təmin olunmasını tələb edirlər.
Konfransın sonunda Ə.Həsənov Misir milli televiziyasına müsahibə vermişdir.