İsmayıllıda indiyədək 12 mindən çox vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinasiya olunub
İsmayıllı, 8 may, AZƏRTAC
İsmayıllıda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllıda təhsil və səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarında, sosial sektorda və ictimai-iaşə, ticarət obyektlərində çalışanların əksər hissəsi hər iki dozanı qəbul edərək vaksinasiya olunublar. Ümumiyyətlə, rayonda vətəndaşlar vaksinasiyada fəal iştirak edirlər. Bölgədə 87 min 400 nəfər əhali var ki, artıq onlardan 12 mindən çoxu vaksinasiya olunub. Vaksinasiya olunanların 9 min nəfərinə peyvəndin 2-ci dozası vurulub. Bu da hər 100 nəfərdən 14-nün bu prosesdə iştirakı deməkdir.
Dünyanı cənginə alan bu təhlükəli virusa qarşı vətəndaşların peyvənd olunması mərhələli şəkildə aparılır. Mayın 10-dan etibarən vaksinasiyanın yeni mərhələsi başlayır ki, bu mərhələdə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün randevu (randevu.its.gov.az) götürən şəxslər səhər saat 9:00-dan - 18:00-dək rayon mərkəzi xəstəxanasında ayrılmış xüsusi otaqlarda peyvənd oluna bilərlər.
Hərəkət məhdudiyyəti olan vətəndaşlara evlərində səyyar vaksinasiya xidməti göstərilir. Qeyd edək ki, peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksinindən istifadə olunur.