İsmayıllıda şəhid Elnur Səmədovun ailəsi ziyarət olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları ötən il sentyabrın 12-14-də düşmənin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Elnur Səmədovun İsmayıllıda yaşayan ailə üzvlərini ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarətçilər ailənin sosial vəziyyəti ilə maraqlanıb, onların daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.
Ailə üzvlərinə bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə bağlı geniş sosial dəstək tədbirləri həyata keçirilir. Həmin kateqoriyadan olan Elnurun ailə üzvləri də hərtərəfli qayğı ilə əhatə olunacaq.
Qeyd edək ki, leytenant Elnur Sədaqət oğlu Səmədov 1988-ci ildə İsmayıllı şəhərində anadan olub, Sumqayıt Dövlət Universitetini bitirib. Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Düşmən tərəfindən törədilən təxribatın qarşısını alarkən Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun iki övladı yadigar qalıb.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.