İsmayıllıda tütün ən çox Topçu və Qalınçaq kəndlərində əkilib
İsmayıllı, 30 may, AZƏRTAC
İsmayıllı rayonunda cari mövsümdə 22 hektar sahədə tütün əkilib.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi son illər İsmayıllıda kənd təsərrüfatının bir sıra sahələrinin, o cümlədən tütünçülüyün inkişafına güclü təkan verib. Ötən il beş yaşayış məntəqəsində 15 hektarda tütün əkilmiş və sahələrdən 27 tondan çox qurudulmuş tütün istehsal olunmuşdusa, cari mövsümdə əkin sahələri 22 hektara çatdırılıb. Tütün əkilən inzibati ərazi dairələrinin sayı isə doqquza çatıb. Ən çox əkin Topçu və Qalınçaq kəndlərinin ərazilərində aparılıb. Belə ki, bu kəndlərin hər birində torpaq mülkiyyətçiləri 4 hektarda tütün əkiblər.