DÜNYA
İspaniya iri texnoloji şirkətlərin cəmləşdiyi mərkəzə çevrilir
Madrid, 30 noyabr, AZƏRTAC
Madrid və Barselona Avropada iri texnoloji şirkətlərin ofisləri üçün əsas cazibə mərkəzləri olan şəhərlərin ilk onluğuna daxildir.
AZƏRTAC xəbər verir ki, bu fakt kommersiya xarakterli daşınmaz əmlak sahəsində xidmətlər göstərən ən iri firmalardan biri olan “Cushman & Wakefield”in hesabatında əksini tapıb.
“Cushman & Wakefield”in hesablamalarına görə, Madriddə ən iri texnoloji şirkətlərlə bağlı 100.228 iş yeri var, Barselonada isə 40.943 nəfər akkreditə edilib.
“Cushman & Wakefield”in hesabatında qeyd edilir ki, Madrid Avropada yaşamaq və bizneslə məşğul olmaq üçün ən cəlbedici şəhərlərdən biridir. Burada gənc istedadların olması və ictimai nəqliyyat şəbəkəsinin effektivliyi də yüksək qiymətləndirilir. Əlverişli iqlim şəraiti, sahilyanı ərazidə yerləşməsi kimi amillər sayəsində bu şəhər Avropanın cənubunda əsas texnoloji və rəqəmsal mərkəz kimi fərqlənir.
Barselonada "NTT Data”, Fransanın "Webhelp” və “Criteo”, Amerikanın “Cisco” və “Microsoft”, Şimali Amerikanın "Apple” şirkətləri cəmləşib. Xarici investisiyaların cəlb edilməsi ilə fərqlənən Barselonada 2018-2021-ci illərdə bu göstərici əvvəlki üçillik dövrlə müqayisədə 269 faiz yaxşılaşıb.
Madriddə “Kyndryl” (IBM-in törəmə şirkəti), “Amazon” bulud hesablamalar firmasının “Amazon Web Services (AWS)” bölməsi, həmçinin “ITC”, “Microsoft”, “Google”, “Oracle”, “Meta (Facebook)” kimi şirkətlər təmsil olunub.
“Cushman & Wakefield”in hesabatında ən çoxsaylı iri texnoloji şirkətlərin təmsil olunduğu şəhərlərin siyahısına Berlin, Frankfurt, Ştutqart, Münhen, London, Mançester, Dublin, Amsterdam, Paris və Kopenhagen də daxildir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid