İspaniya La Liqasının 20-ci turunun oyunlarına start verilib
Bakı, 9 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 9-da futbol üzrə İspaniya La Liqasının 20-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Santiaqo Bernabeo” stadionunda "Real Madrid" klubu "Valensiya" komandasını qəbul edib. Görüş “kral” klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Real Madrid"in heyətində Kərim Benzema (43, 88) və Vinisius Junior (52, 61) fərqləniblər. “Valensiya”nın isə yeganə qolunu 76-cı dəqiqədə Qonsalu Qedeş vurub. “Real Madrid” vacib qələbə qazanaraq xal ehtiyatını 49-a çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Valensiya” isə 29 xalla doqquzuncu yerdə qərarlaşıb.
Turun ən gözlənilməz hesabı “Qranada” klubu və “Barselona” komandaların arasındakı oyunda qeydə alınıb. Belə ki, 57-ci dəqiqədə “Barselona” klubu Lük De Yonqun qolu sayəsində hesabda önə çıxsa da, matçın başa çatmasına bir dəqiqə qalmış “Qranada” hesabı bərabərləşdirərək məğlubiyyətdən xilas olub. Antio Puertas fərqlənib. Qarşılaşmanın 76-cı dəqiqəsində “Barselona”nın yarımmüdafiəçisi Qabi ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb. Beləliklə, növbəti xal itkisi ilə üzləşən “Barselona” 32 xalla altıncı, “Qranada” isə 24 xalla 12-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri yanvarın 9-da və 10-da keçiriləcək.