İsparta Tətbiqi Elmlər Universitetinin alimi ADAU-da seminar keçib
Gəncə, 4 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Meliorasiya və hidrotexniki qurğular kafedrasının təşkilatçılığı ilə İsparta Tətbiqi Elmlər Universiteti Kənd Təsərrüfatı fakültəsinin alimi professor Yusuf Uçar tərəfindən “Universitetin təqdimatı və kənd təsərrüfatı quruluşları və suvarma” mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda İsparta Tətbiqi Elmlər Universitetinin fəaliyyəti, kənd təsərrüfatı sahəsində müasir tədris istiqamətləri, həmçinin suyun idarə olunması, meliorasiya sistemləri və aqrar istehsalda dayanıqlı həllər mövzularına dair geniş məlumat təqdim edilib.
Yusuf Uçar kənd təsərrüfatında suvarma texnologiyalarının inkişaf tendensiyaları, aqrar infrastrukturun layihələndirilməsi və innovativ yanaşmalar barədə nümunələr əsasında çıxış edib.
Seminar iştirakçıları su idarəçiliyi və aqrar mühəndislik sahəsində beynəlxalq təcrübə ilə bağlı suallarını ünvanlayıblar.