İSTANBULDA AZƏRBAYCAN-TÜRKİYƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ 5-Cİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusu müxbiri xəbər verir ki, aprelin 11-də İstanbulda Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilmişdir.
İclasda hər iki tərəfdən nazir müavinləri, komitə və baş idarələrin nümayəndələri iştirak etmişlər.
Komissiyanın həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin dövlət naziri Said Yazıçıoğlu çıxış etmişlər. Bildirilmişdir ki, tezliklə ölkələrimiz arasında sərbəst ticarət haqqında imzalanacaq saziş iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsində dönüş nöqtəsi olacaqdır.
Türkiyəli nazir biznes dairələri və ticarət subyektləri arasında yaranan mübahisəli məsələləri həll etmək üçün birgə arbitraj heyətinin yaradılması təklifini də irəli sürmüşdür.
Baş nazirin müavini Abid Şərifov bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ərsəyə gəlmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirmiş, xalqlarımızın rifahını daha da yüksəltmişdir. 2007-ci il iyulun 27-28-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının 4-cü iclasından ötən dövr ərzində qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində böyük uğurlar əldə olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ardıcıl səyləri nəticəsində nəhəng enerji və kommunikasiya layihələrinə imza atan ölkələrimiz, eyni zamanda ticarət və sərmayələr sahəsində uğurlu nəticələrə nail olmuşlar. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard 680 milyon dollar olmuşdur. Əlamətdar haldır ki, bu dövriyyədə əsas hissə - 1 milyard 56 milyon dollar Azərbaycanın payına düşür. Türkiyədən Azərbaycana ixracat isə 624 milyon dollar təşkil etmişdir.
Müzakirələrdən sonra Baş nazirin müavini Abid Şərifov və dövlət naziri Said Yazıçıoğlu Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının 5-ci iclasının Yekun Protokolunu imzalamışlar.
İclasda Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.